Həzrət Muhəmməd Peyğəmbərin (s) Mədinəyə hicrətdən sonra yerinə yetirdiyi yeganə həcc ziyarətinə dini mənbələrdə “vida həcci” deyirlər.
Vida həcci Peyğəmbərin vəfatından cəmi 3 ay əvvəl baş vermiş və o həzrət tezliklə dünyadan köçəcəyini həcc boyunca dəfələrlə bildirib müsəlmanlarla vidalaşmışdı. Vida həcci Peyğəmbərin ən izdihamlı səfəri kimi tarixdə qalıb.
Bu həccdə iştirak edən müsəlmanların sayını mənbələrdə 100 min nəfərdən artıq yazırlar.
Müsəlmanlar Həzrət Muhəmməd Peyğəmbərin (s) başçılığı altında hicrətin 10-cu ili zilqədə ayının 25-də (miladi 632-ci il) Mədinədən çıxıb Məkkəyə sarı yola düşdülər.
İmam Əli (ə) Yəməndən gətirdiyi qurbanlıq dəvələri Məkkədə Peyğəmbərə təqdim etdi. Vida həcci də həm də tarixə Peyğəmbərin “vida xütbəsi” ilə düşmüşdür.
Vida həccindən qayıdarkən Qədir-Xüm adlı məntəqədə Peyğəmbər İmam Əlini (ə) özünün canişini elan etdi. Vida həccinin əhəmiyyətli cəhətlərindən biri bundan ibarətdir ki, Peyğəmbər həccin bütün əməllərini özü şəxsən yerinə yetirməklə müsəlmanlara nümunə oldu və həcc qaydalarını müəllim kimi onlara öyrətdi.